Forex bazarının fundamental təhlili — valyutaların dəyərinə təsir edən iqtisadi, siyasi və sosial amillərin təhlilinə əsaslanan valyuta bazarının qiymətləndirilmə metodudur. Buraya həm ölkənin, həm də bütövlükdə dünya iqtisadiyyatının izlədiyi iqtisadi kurs da daxildir. Qiymət qrafiklərini və tarixi məlumatları öyrənən texniki təhlildən fərqli olaraq, fundamental təhlil valyuta məzənnələrində uzunmüddətli hərəkətləri proqnozlaşdıra bilən iqtisadiyyatın «əsaslarına» fokuslanır, onu öyrənir.
Siyasət və dünyadakı ümumi maliyyə vəziyyəti
Dünyadakı siyasi hadisələr və ümumi maliyyə vəziyyəti Forex bazarının fundamental təhlilində mühüm rol oynayır. Burada nəzərə alınmalı bir neçə əsas aspekt var:
Siyasi sabitlik:
İnvestorlar sabit və proqnozlaşdırıla bilən iqtisadiyyata investisiya qoymağa üstünlük verdiyi üçün ölkədəki siyasi sabitlik onun valyutasını gücləndirir. Siyasi qeyri-sabitlik isə əksinə, qeyri-müəyyənliyə və valyutanın dəyərinin aşağı düşməsinə səbəb olur.
Məsələn,2016-cı ilin iyununda Böyük Britaniyada keçirilən referendumda vətəndaşların əksəriyyəti ölkənin Avropa İttifaqından çıxmasına (Brexit) səs verib. Referendumun nəticəsi Böyük Britaniyanın Aİ və dünyanın qalan hissəsi ilə gələcək iqtisadi və ticarət əlaqələrinə dair böyük qeyri-müəyyənliyə səbəb olub.
Bazarda reaksiya özünü çox gözlətmədi: Referendumun nəticələrinin açıqlanmasından bir neçə saat sonra Britaniya funt sterlinqi ABŞ dollarına nisbətdə 10%-dən çox (1,50-dən 1,33-ə) 31 ilin ən aşağı səviyyəsinə düşdü.
Qeyri-müəyyənlik və siyasi danışıqlar iqtisadiyyata və investorlara ağır zərbə vurmağa davam etdiyi üçün sonrakı aylarda və illərdə funt təzyiq altında qaldı.
Beynəlxalq əlaqələr:
Ticarət razılaşmaları, sanksiyalar və ölkələr arasında münaqişələr valyuta məzənnələrinə əhəmiyyətli təsir göstərə bilər. Müsbət diplomatik münasibətlər və ticarət razılaşmaları valyutaları gücləndirə bilər, sanksiyalar və münaqişələr isə onları zəiflədə bilər.
Məsələn, ABŞ və Çin kimi böyük iqtisadiyyatlar arasında ticarət müharibələri valyuta bazarlarında əhəmiyyətli dalğalanmalara səbəb ola bilər. Məsələn, ABŞ-ın Çin mallarına rüsum tətbiq etməsi Çin yuanının zəifləməsinə və Forex bazarında volatilliyin artmasına səbəb ola bilər.
Qlobal iqtisadi böhranlar:
2008-ci il qlobal maliyyə böhranı kimi maliyyə böhranları valyuta bazarlarında kütləvi volatilliyə səbəb ola bilər. Belə dövrlərdə investorlar tez-tez qızıl kimi etibarlı sığınacaq aktivləri və ya ABŞ dolları kimi sabit valyutalar axtarırlar.
COVID-19 pandemiyası zamanı bir çox investorlar təhlükəsiz sığınacaq aktivləri axtardılar və bu, ABŞ dollarının və digər sabit valyutaların möhkəmlənməsinə səbəb oldu. Bütün dünya üzrə mərkəzi banklar öz iqtisadiyyatlarını dəstəkləmək üçün stimullaşdırıcı tədbirlər tətbiq etdilər ki, bu da valyuta məzənnələrinə təsir etdi.
Mərkəzi Bankın qərarları:
Mərkəzi bankların pul kütləsini və faiz dərəcələrini tənzimlənməsinə yönəlmiş siyasətləri valyuta bazarlarına birbaşa təsir göstərir. Məsələn, ABŞ Federal Ehtiyat Sisteminin (FED) qərarları dolların məzənnəsinə əhəmiyyətli dərəcədə təsir edə bilər.
Əgər FED faiz dərəcələrini artırmağa qərar verərsə, bu, dolların daha güclü olmasına səbəb ola bilər, çünki yüksək faiz dərəcələr ABŞ aktivlərini xarici investorlar üçün daha cəlbedici edir. Eyni şəkildə, Avropa Mərkəzi Bankının faiz dərəcələrini azaltma qərarı avronun məzənnəsini zəiflədə bilər.
Geosiyasi risklər:
Münaqişələr, terror hücumları və s. kimi geosiyasi risklər valyuta bazarlarında əhəmiyyətli dalğalanmalara səbəb olur. Yüksək qeyri-müəyyənlik dövrlərində investorlar valyuta məzənnələrinə təsir edən təhlükəsiz sığınacaq aktivləri axtara bilərlər.
Məsələn, Yaxın Şərqdə gərginlik Forex bazarında dəyişkənliyə səbəb ola bilər. Və ya, 2022-ci ildə Ukraynada münaqişənin kəskinləşməsi rubl və avronun məzənnəsində əhəmiyyətli dalğalanmalara, həmçinin dollar və İsveçrə frankının möhkəmlənməsinə səbəb olub.
Fundamental bazar təhlilində əsas iqtisadi göstəricilər
Ümumi Daxili Məhsul (ÜDM):
ÜDM müəyyən bir dövrdə ölkədə mal və xidmətlərin ümumi istehsalını ölçür. Bu göstərici iqtisadi aktivliyin və iqtisadiyyatın sağlamlığının əsas indikatorudur. ÜDM-in artımı iqtisadiyyatın genişlənməsini göstərir və bu investorları cəlb etdiyi üçün ölkə valyutasının dəyərinin artmasına səbəb ola bilər.
İnflyasiya səviyyəsi:
İnflyasiya mal və xidmətlərin qiymətlərinin artma sürətini ölçür. Mülayim inflyasiya sağlam iqtisadiyyat üçün normal hesab edilir. Lakin yüksək inflyasiya əhalinin alıcılıq qabiliyyətinin azalması ilə valyutanın dəyərini aşağı sala bilər. Mərkəzi banklar tez-tez iqtisadi sabitliyi qorumaq üçün faiz dərəcələrini dəyişdirərək inflyasiyanı tənzimləyirlər. Avrozonada inflyasiya Avropa Mərkəzi Bankının (AMB) hədəfindən yuxarı qalxarsa, o zaman, inflyasiyanın qarşısını almaq üçün faiz dərəcələrinin yüksələcəyi ilə bağlı gözləntilərə səbəb olacaq. Bu da avronu gücləndirə bilər.
İşsizlik səviyyəsi:
İşsizlik səviyyəsi əmək qabiliyyətli əhalinin işsiz olan faizini göstərir. Yüksək işsizlik iqtisadiyyatın zəif olduğunu göstərir və valyutanı zəiflədə bilər. Digər tərəfdən, aşağı işsizlik səviyyəsi, daha çox insanın pul qazanıb xərclədiyini və bununla iqtisadi artımı stimullaşdıraraq, ölkənin valyutasını gücləndirir.
Faiz dərəcəsi:
Mərkəzi banklar tərəfindən təyin olunan faiz dərəcələri birbaşa valyutanın dəyərinə təsir göstərir. Yüksək faiz dərəcələri xarici investorları cəlb edir ki, bu da valyutaya və onun dəyərinə tələbi artırır. Aşağı faiz dərəcələri isə əks təsir göstərir, bu valyuta investorları daha az cəlb edir. Məsələn, FOMC (Federal Rezerv Sistemində komitə) öz iclaslarında faiz dərəcəsini təyin edir. Məzənnə gündəmdən və ABŞ iqtisadiyyatının vəziyyətindən asılı olaraq ya qaldırılır, aşağı salınır, ya da dəyişməz qalır
Xarici ticarət balansı:
Xarici ticarət balansı bir ölkənin ixracı ilə idxalı arasındakı fərqdir. Müsbət ticarət balansı (profisiti) bir ölkənin idxal etdiyindən daha çox ixrac etməsi deməkdir. Bu da yerli mal və xidmətlərə xarici tələbat artdıqca valyutanı gücləndirə bilər. Mənfi ticarət balansı (defisit) valyutanı zəiflədə bilər, çünki ölkə idxaldan asılıdır və xarici investorlardan borc götürmək məcburiyyətində qala bilər.
Büdcə kəsiri/profisiti:
Büdcə kəsiri və ya profisiti dövlətin gəlirləri ilə xərcləri arasındakı fərqi göstərir. Kəsir, borc vəsaitlərinə ehtiyacın olduğunu göstərə bilər ki, bu da valyutanı zəiflədə bilər. Profisit isə sağlam fiskal siyasətdən xəbər verir və valyutanı gücləndirə bilər.
ABŞ-da əhəmiyyətli büdcə kəsiri dolların zəifləməsinə səbəb olur, çünki investorlar gələcəkdə borc yüklərinin artması və mümkün iqtisadi çətinliklərdən qorxurlar.
Forex bazarının fundamental təhlili müxtəlif iqtisadi və siyasi faktorların dərindən dərk edilməsini tələb edir. Bu məlumatları təhlil edə bilmək, treyderlərə ticarət zamanı daha düzgün proqnozlar və düzgün qərarlar qəbul etməyə kömək edə bilər. ÜDM, inflyasiya, işsizlik səviyyəsi və faiz dərəcələri kimi iqtisadi göstəricilər valyutaların dəyərinin müəyyən edilməsində əsas rol oynayır. Siyasi sabitlik, beynəlxalq münasibətlər, qlobal iqtisadi böhranlar və mərkəzi bank qərarları da məzənnələrə əhəmiyyətli təsir göstərir.