Bu gün Qrafik analizin bir qolu olan «Yapon şamları» haqqında danışacağıq.
Tarixə qısa baxış
Yapon Şamları — maliyyə bazarlarında qiymət hərəkətlərini proqnozlaşdırmaq üçün istifadə edilən ən qədim və ən məşhur texniki analiz vasitələrindən biridir. Yapon şamlarının tarixi 18-ci əsrə,Yaponiyada Munehisa Homma adlı düyü tacirinin bu analiz metodunu hazırladığı vaxta təsadüf edir. Homma görüb ki, tarixi qiymət məlumatlarını təhlil edərək gələcək qiymət hərəkətlərini proqnozlaşdırmaq və beləliklə, daha məlumatlı ticarət qərarları qəbul etmək mümkündür.
Ənənəvi xətt qrafiklərindən fərqli olaraq, Yapon şamları daha çox məlumat verir. Qrafikdəki hər bir şam dörd əsas qiymət səviyyəsini əks etdirir: açılış qiyməti, maksimal qiymət, minimal qiymət və müəyyən bir dövr üçün bağlanış qiyməti. Bu, Yapon şamlarını treyderlər üçün daha da qiymətli edir, çünki onlar bazarın hərəkəti və əhval-ruhiyyəsi haqqında daha dolğun məlumat verir.
Bir çox şam nümunələri var ki, hər birinin öz mənası var və müəyyən bazar şərtlərini göstərə bilər. Məsələn, “çəkic” və ya “axan ulduz” kimi geridönmə modelləri, cari trenddə mümkün dəyişikliyə işarə edə bilər, “üç ağ əsgər” və ya “üç qara qarğa” kimi davam modelləri isə cari trendin davam etmə ehtimalını göstərir.
Şamın formalaşması
Yapon şamları bir neçə əsas elementdən ibarətdir ki, onların hər biri seçilmiş dövr ərzində qiymət hərəkətləri haqqında xüsusi məlumat verir. Bu elementlərə daha yaxından nəzər salaq:
Şamın gövdəsi (bədəni)
Şamın gövdəsi müəyyən bir müddət ərzində açılış və bağlanış qiymətləri arasındakı diapazonu göstərən düzbucaqlıdır. Əgər bağlanış qiyməti, açılış qiymətindən yüksəkdirsə, şamın gövdəsi adətən ağ (və ya bəzi sistemlərdə yaşıl) rəngdədir bu da buğa (yüksəliş) trendini göstərir. Əgər bağlanış qiyməti açılış qiymətindən aşağı olarsa, şamın gövdəsi qara (və ya qırmızı) rəngə boyanır ki, bu da Ayı (aşağı) trendinin olduğunu göstərir.
Yuxarı və aşağı kölgələr
Fitil və ya quyruq kimi də tanınan kölgələr, şamın gövdəsinin yuxarı və aşağı hissəsindən uzanan şaquli xətlərdir. Üst kölgə dövr üçün maksimum qiyməti, aşağı kölgə isə minimum qiyməti göstərir. Kölgələrin uzunluğu bazarın dəyişkənliyini göstərə bilər: uzun kölgələr qiymətlərin dövr ərzində əhəmiyyətli dərəcədə dəyişdiyini, qısa kölgələr isə sabitliyi göstərir.
Açılış və Bağlanış qiyməti
Açılış və bağlanış qiymətləri hər bir şamın ən vacib komponentləridir. Bu qiymətlər treyderlərə aktivin qiymətinin seçilmiş dövr ərzində necə dəyişdiyini anlamağa imkan verir. Açılış qiyməti dövrün əvvəlində ticarətin başladığı qiymətdir, bağlanış qiyməti isə onun bitdiyi qiymətdir. Bu iki qiymətin müqayisəsi dövr ərzində ümumi trendi müəyyən etməyə kömək edir.
Treyderlərin psixologiyası
Yapon şamları təkcə rəqəmləri göstərmir, həm də bazarın psixoloji vəziyyətini çatdırır. Şamların necə əmələ gəldiyini və hansı siqnalları verdiyini anlamaq treyderlərə bazar əhval-ruhiyyəsini ölçməyə və gələcək qiymət hərəkətlərini proqnozlaşdırmağa imkan verir.
Optimizm və pessimizm
Bazar açıldığı qiymətdən yuxarıda bağlandıqda (ağ və ya yaşıl şam əmələ gəlir) bu treyderlər arasında nikbinlikdən xəbər verir. Onlar aktivləri almağa hazırdırlar ki, bu da qiymətlərin artmasına səbəb olur. Bunun əksi olaraq bazar açıldığı qiymətdən aşağıda bağlananda (qara və ya qırmızı şam formalaşanda),bu treyderlərin aktivləri satmağından xəbər verir və qiymətlərin azalmasına səbəb olur.
Neytrallıq və qeyri-müəyyənlik
Bəzən açılış və bağlanış qiymətləri eyni səviyyədə və ya bir-birinə çox yaxın olduqda bazarda qeyri-müəyyənlik yaranır. Bu vəziyyət kiçik və ya bədəni olmayan Doji şamları ilə əks olunur. Bu cür şamlar alıcılar və satıcılar arasında tarazlığı göstərir və trendin dəyişməsindən siqnal verə bilər.
Alıcıların və satıcıların təzyiqi
Şamın kölgələrinin uzunluğu alıcıların və satıcıların təzyiqini göstərə bilər. Uzun yuxarı kölgələr alıcıların qiyməti yüksəltdiyini, lakin satıcıların daha sonra qiyməti aşağı sala bildiklərini göstərir. Uzun aşağı kölgələr isə satıcıların qiyməti aşağı saldığını, lakin alıcıların daha sonra qiyməti yüksəldə bildikərini göstərir. Bu siqnallar treyderlərə ticarət üçün giriş və çıxış nöqtələrini müəyyən etməyə kömək edə bilər.
Şamların “əhvalı”
Şamın əhval-ruhiyyəsi onun bazarın vəziyyəti haqqında verdiyi ümumi hissdir. Şamın gövdəsi və kölgələrinin müxtəlif kombinasiyası, gələcək qiymət hərəkətlərini göstərə siqnallar yarada bilər.
Buğa Şamları
Buğa şamları bağlanış qiyməti, açılış qiymətindən yüksək olduqda formalaşır. O göstərir ki, alıcılar bu dövr ərzində bazara nəzarət edirdilər. Uzun şamlar alıcıların güclü təzyiqini göstərir və yüksəliş trendinin davam edəcəyini xəbər edir. Buğa şamları nümunələrinə “çəkic” və “buğa udması” daxildir.
Ayı Şamları
Ayı şamları bağlanış qiyməti açılış qiymətindən aşağı olduqda əmələ gəlir. Onlar satıcıların müəyyən bir dövrdə bazara nəzarət etdiyini göstərir. Uzun ayı şamları güclü satış təzyiqini göstərir və eniş trendinin davamını xəbərdar edə bilər. Ayı şamları nümunələrinə “axan ulduz” və “ayı udması” daxildir.
Neytral şamlar Neytral şamlar, məsələn, Doji, alıcılar və satıcılar arasında balansı göstərir. Xüsusilə uzun bir yüksəliş və ya eniş tendensiyasından sonra əmələ gəlirlərsə, bu trendin tezliklə dəyişəcəyindən xəbər verə bilərlər(Şəkil.1). Doji əksər hallarda bazardakı qeyri-müəyyənlikdən xəbər verir və ticarət qərarları qəbul etməzdən əvvəl əlavə siqnalları gözləməyin lazım olduğunu göstərir.
Nümunələr:
Beləliklə Yapon şamları treyderlərə bazarın hərəkəti və əhval-ruhiyyəsi haqqında təsəvvür yaradan güclü vasitədir. Şamların gövdəsi, kölgələri, açılış və bağlanış qiymətləri və həmçinin müxtəlif şam modelləri kimi əsas elementləri anlamaq treyderlərə ticarət qərarları qəbul etməyə imkan verir.